Tatarıstanda evlənməyi planlaşdıran gənc cütlüklər toy xərclərini qarşılamaq üçün dövlətdən 100 min rubl (2177 manat) qrant alacaqlar. “Tatarıstan - Fürsətlər Zonası” QHT-nin verdiyi məlumata görə, ümumilikdə 80 cütlüyə veriləcək dəstək toy mərasimi xərclərini qarşılamaq üçün nəzərdə tutulub. Bildirilib ki, layihə Tatarıstan lideri Rustem Minnixanovun dəstəyi ilə həyata keçirilib.
Hafta.az-ın Tatarıstan Gənclər Nazirliyinə istinadən yazdığına görə, bu qrantdan yararlanmaq istəyən cütlüklər müəyyən meyarlara cavab verməlidir. Müraciət edənlər nikah mərasimini Tatarıstandakı rəsmi nikah bürolarında keçirməli, həm gəlinin, həm də bəyin yaşı 35-dən aşağı olmalı və Tatarıstanda ən azı üç il yaşamalıdır.
İyulun 8-də başlayan və 11-dək davam edəcək Ümumrusiya Toy Festivalının açılışı Kazandakı “Rusiya” Milli Mərkəzində baş tutub. Tədbir çərçivəsində ölkənin hər yerindən 200-dən çox cütlüyün toy mərasimi keçiriləcək.